Biz geriyə, əvvəlki müxbir postlarımıza, Ağdama, Şuşaya, Xankəndiyə... dönəcəyik!
 

11:06 / 05.08.2022 Oxunub: 1090

1 iyul 1990-cı il

Hörmətli redaksiya! "Qarabağ" qəzetinin birinci nömrəsini görəndə gözlərimə inanmadım. İlahi, doğurdanmı, bizim də qəzetimiz oldu?! Çox şükür ki, dərdlərimizi, qayğılarımızı, sevincimizi, bölüşməyə bir həmdəm tapıldı.
Vaqif Sarıkişiyev
Ağdərə rayonunun Xatın bəyli kənd orta məktəbinin müəllimi
7 iyul 1990-cı il

Telefon zəng çaldı...
Elçin Abbasov qəzetin səhifələrində Qarabağın iqtisadiyyatı ilə bağlı yazılara daha çox yer verməyi təklif etdi.

Telefon zəng çaldı...
Səsini tez-tez eşitdiyimiz, zəngini səbirsizliklə gözlədiyimiz, Azərbaycanın xalq rəssamı Lətif Kərimov idi."Qarabağ"-ın daimi oxucusu, ona yananı kimi, bu dəfə də Lətif müəllim səhifələrimizdə dərc olunan materiallara münasibətini bildirdi.Qarabağın əsl tarixi ilə bağlı yazılara, tarixi araşdırmalara tez-tez müraciət etməyi məsləhət bildi.
15 fevral 1991-ci il

Redaksiyaya məktub daxil oldu. Xalq şairi unudulmaz Bəxtiyar Vahabzadə yazırdı: "Hörmətli redaksiya!
Qəzetinizi ürək ağrısıyla oxuyuram. Qəhər məni boğur, səhifə əlimi yandırır, gözlərim sərlövhələr içində xoş bir xəbər axtarır, tapa bilməyəndə canımı qoymağa yer tapmıram. Sizi qınamıram. Çünki qəzetiniz bugünkü həyatımızın aynasıdır. Həyatın eybəcərliyini ayna düzəldə bilməz ki?!
Siz odun-alovun içində hər gün üzləşdiyiniz min cür təhlükəyə məhəl qoymadan bu günlərin tarixini yaradırsınız.

Əziz həmkarlarım ricamı deməmişdən əvvəl çətinliyinidə bilirəm. Amma yenə sözümü deyirəm: oxucularınıza iynə gözü qədər olsa da, işıq verməyə çalışın. Şuşa camaatının və ətraf kəndlərimizin nə çəkdiyini yaxşı bilirəm. Çəkdiklərinizin bir ucu bizim qəlbimizdədir. Bununla belə, yenə ümiddən əl çəkməyin, oxucularınızdan qığılcım kimi yanıb sönən işığınızı əsirgəməyin.
 Bəlkə deyəcəksiniz, işıq heç yoxdur, əgər yoxdursa onda təsəlli üçün uydurun, çünki işıq, işıq gətirir.
Dərin hörmətlə: Bəxtiyar Vahabzadə, Xalq şairi
"Qarabağ" qəzeti 25 oktyabr, 1991-ci il

   Qarabağda baş verən məlum hadisələr, faciəli olaylar haqqında ən doğru və dəqiq xəbəri ictimaiyyətə məhz bu qəzet çatdırıb. 1991-ci ilin 20 noyabr Qarakənd faciəsi dövlət və hökumət nümayəndələrimizin, dekabr ayı - müəmmalı şəkildə öz kabinetində xaincəsinə öldürülən Şuşa rayon icra hakimiyyətinin başçısı Mikayıl Gözəlovun, bu hadisədən cəmi 1 ay sonra Daşaltı əməliyyatı zamanı xaincəsinə pusquya salınaraq şəhid edilən əsgərlərimizin, əhalisi işgəncələrə, ölümə, soyqırıma məruz qalan ellərimizin, yerlə yeksan edilən yurd-yuvalarımızın acı xəbəri ilk dəfə "Qarabağ"ın səhfiələrində nəşr olunub.
  Son 30 ilin tarixinə şahid və tarixini yazan "Qarabağ" qəzetinin dövlətçiliyimizə, tariximizə, xalqımıza  xidmətləri bu günə qədər kollektivin göz-bəbəyi kimi qoruduğu çoxsaylı nüsxələrdə - arxiv materiallarında, saralmış qəzet səhifələrində tarixi sənəd kimi qalmaqdadır. "Qarabağ" yarandığı ilk gündən bugünkü günə qədər qəzetin səhifələrində qarabağlıların yaşam tərzinə, məşğulluğuna, problem və qayğılarına aid reportajlar, siyasi, mədəni, iqdisadi, sosial məzmunlu analitik yazılar, eyni zamanda, Qarabağın tarixinə, maddi-mədəniyyət abidələrinə, tarixi şəxsiyyətlərinə, görkəmli elm, mədəniyyət xadimlərinə aid araşdırma tipli yazıları oxucu kütləsinin artmasına səbəb olurdu. Yeri gəlmişkən, ermənilərin ciddi-cəhdlə "Sovet Ensiklopediyası"na düşməsinə, araşdırılmasına əngəl törətdiyi maddi-mədəniyyət abidələri haqda yazılarımız da ölkədə böyük rezonanslar doğurdu. Əlbəttə, bunu bilənlər çoxdur, 32 ildə dəyərlilər tərəfindən dəyərimizi aldıq... 
  Mən bu qəzetdə ilk gündən müxbir kimi gəlmişəm. Bu gün redaktor təyin olunmağımda  da heç bir fərq görmürəm. Müxbir kimi məsuliyyətim eyni , təəssübkeş kimi təmənnasız korrekturaya köməyim  də eyni...  Bu qəzetə heç vaxt təkcə əməkhaqqı aldığım yer kimi baxmamışam. "Qarabağ" mənimçün elə Qarabağın özüdür... 
  Tək bir arzum var, necə ki, o qanlı müharibədə 1993 - cü ildə Ağdamı axrıncı tərk edən müxbir olduğum kimi, yeni yaradılan Ağdama birinci gedənlərdən olum. Və cəbhədə bir yerdə barıt qoxusu udduğumuz, əsgər şinelindən keçdiyimiz həmkarlarımızın sağ qalanlarını Ağdamdakı redaksiyada görüm. Allah dünyasını dəyişən iş yoldaşlarımıza rəhmət eləsin. 
Biz geri dönəcəyik, geri dönmək üçün nəzir asdığımız redaksiyamız yerlə - yeksan olsa da, niyyətimiz qüvvədədir. 

Zəkurə Quliyeva, 
"Qarabağ" ın redaktoru

Digər xəbərlər

Xəbər lenti

07 Avqust 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ